Seyid Şuşinski

Seyid Şuşinski

Seyid Şuşinski 12 aprel 1889-cu ildə indiki Füzuli rayonunun Horadiz kəndində anadan olmuşdur. Nadir və gözəl səsi olan Seyid Şuşinski xanəndəlik sənətinin sirrlərinə yiyələnmək üçün öncə iki il Mir Möhsün Nəvvabın yanında oxumuşdu. Sonrakı müəllimi Cabbar Qaryağdıoğlu olmuşdu. Seyid Şuşinsi oxumaq üçün çətin muğam olan “Çahargah”ı özəlliklə böyük ustalıqla oxuyardı, özü də hər zaman onu “mayə”dən yox, “Mənsuriyyə”dən başlayardı, zildə böyük ustalıqla zəngulələr vuraraq, sonra “mayə”yə enərdi. Maraqlıdır ki, həyatının son illərində, yaşı artıq 74 ötmüş Seyid “Mənsuriyyə”ni eyni bacarıqla oxuyurdu.

Seyid Şuşinski yaradıcılığında Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani qəzəllərilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şeirlərinə də üz tuturdu. Sabirin “Millət necə tarac olur-olsun, nə işim var” şerini “Müxalif”də oxuyardı. Seyid Şuşinski siyasi-ictimai mövzuda şier və qəzəl oxuyan, xalqı mübarizəyə çağıran ilk xanəndə olmuşdur. O, bir sıra mübariz ruhlu mahnılar da oxumuşdur. “Ayıl, ey millət”, “Mən bir türkəm”, “Millət istərsə” və başqa.

Seyid Şuşinski Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Ərəblinski kimi sənətkarlarla yoldaşlıq edirdi. Molla Nəsrəddinin bir neçə sayının çıxmağına maddi yardım göstərmişdi. Ümumiyyətlə, Seyid Şuşinski böyük xeyriyyəçi idi. O çağların teatr aktyorlarına çox yardım etmiş, özü də aktyor kimi bir sıra rolları oynamışdı. Seyid Şuşinski “Çahargah”dan başqa “Mahur”, “Nəva”, “Məsnəvi”, “Osmanı”, “Arazbarı”, “Heyratı” kimi muğamları da çox gözəl oxuyurdu. O, yenilikçi sənətkar olaraq, bir çox muğamları birləşdirib onları yeni variantda oxumuşdur. (“Rast-Humayun”, “Qatar-Bayatı”, “Şur-Şahnaz”) “Rast”da və “Kürdi-Şahnaz”da “Dilkəş”i ilk dəfə Seyid Şuşinski oxumuşdu.

Xan Şuşinskinin Seyid Şuşinski haqqında xatirələri

Deyilənə görə, tanınmış xanəndə Xan Şuşinski həm də canlı ensiklopediya idi. Azərbaycan klassik xanəndəlik məktəbinin, musiqi xadimlərinin nümayəndələrinin demək olar ki, hamısı ilə bağlı çox yaxşı və kimsənin bilmədiyi xatirələri olub. Həmin xatirələrdən biri Seyid Şuşinski haqqındadır:
“Seyid haqqında çox eşitmişdim. İlk dəfə onun ilə Ağdaşda bir məclisdə iştirak etdim. Seyid ilə qabaq-qabağa oturub oxudum. Seyid çox səliqə ilə geyinərdi. O, həm də ziyalı idi. Onun Tiflisdə mehmanxanası, restoranı və “mersedes” markalı avtomobili var idi. O, Tiflis məclislərinin birində elə oxumuşdu ki, ona qızıl qaval bağışlamışdılar. O bütün muğamları çox ustalıqla oxuyurdu. Özəlliklə onun “Çahargah”ına söz ola bilməz. Şuşada bir toyda şirin “Mənsuriyyə” oxuduğu yerdə toyun «padşahı» birdən dilləndi: – Ağa, “özündənbəy” məclisə gəlir, onu təriflə ki, ucuzluq olsun. Ağa, bir dəqiqənin içində “Mənsuriyyə”dən “Orta segah”a keçdi və bəyi tərif etdi. Mən yerimdə quruyub qaldım… Bu əhvalatı Cabbar əmiyə söylədim. Cabbar heç təəccüblənmədi, çiyinlərini çəkib dedi: – Belə bir bacarıq yalnız Seyiddə ola bilər.
Ağdamda Çəmənli Məşədi Səfərin məclisində Seyid məni oxutdu, mənə qızıl saat bağışladı və ağladı”.

Yazar haqqında: WhatIs

Bir Açıqlama Yazın

Your email address will not be published.Email address is required.